PSİXOLOQ • KDT / CBT

Özünüzü anlamaq dəyişimin başlanğıcı ola bilər.

Mənim üçün terapiya yalnız çətinliklər haqqında danışılan bir məkan deyil. İnsanın özünü daha yaxından tanıdığı, uzun müddətdir təkrarlanan düşüncə və davranış nümunələrini anlamağa başladığı və həyatında fərqli yollar sınamaq üçün yeni bacarıqlar qazandığı bir prosesdir.

  1. RWTH Aachen UniversityB.Sc. Psixologiya
  2. Otto-von-Guericke UniversityM.Sc. Psychology — Clinical Neuropsychology
Gülay Əliyeva, psixoloq

01 — YANAŞMA

Terapiyaya yanaşmam

Seanslarda insanın özünü rahat, eşidilmiş və mühakimə olunmadan qəbul edilmiş hiss edə bilməsinə xüsusi önəm verirəm.

Terapiyanı hazır cavablar verməkdən çox, birlikdə anlamaq və insanın zamanla özünə kömək edə biləcəyi bacarıqları inkişaf etdirmək prosesi kimi görürəm.

02 — XİDMƏTLƏR

Sizə necə dəstək ola bilərəm?

Fərdi psixoterapiya

60 dəqiqə60 AZN
Seans vaxtı seç (yeni pəncərədə açılır)

Fərdi psixoterapiya seanslarında insanın yaşadığı çətinlikləri yalnız simptom səviyyəsində deyil, düşüncə, emosiya, davranış və həyat təcrübələri ilə birlikdə anlamağa çalışırıq.

Əsasən Koqnitiv Davranış Terapiyası (KDT/CBT) yanaşması əsasında işləyirəm.

Seanslara müraciət edə biləcəyiniz mövzular

  • təşviş və həddindən artıq narahatlıq
  • davamlı düşünmək və rumination
  • özünə dəyər və özgüvən çətinlikləri
  • mükəmməlliyyətçilik və özünə qarşı yüksək tələblər
  • münasibətlərdə təkrarlanan çətinliklər
  • bağlanma və tərk edilmə qorxusu
  • sərhəd qoymaqda çətinlik
  • günahkarlıq və özünü çox tənqid etmə
  • stress və emosional yüklənmə
  • qərar verməkdə çətinlik
  • həyat dəyişikliklərinə uyğunlaşma
  • ayrılıq və itki sonrası emosional çətinliklər
  • gündəlik həyatda təkrarlanan və insanı narahat edən düşüncə və davranış nümunələri

Məqsəd

Terapiya prosesində məqsəd yalnız müəyyən bir problemi aradan qaldırmaq deyil, insanın özünü daha yaxşı tanıması, yaşadığı çətinliklərin arxasında dayanan nümunələri anlaması və gələcəkdə istifadə edə biləcəyi psixoloji bacarıqlar qazanmasıdır.

Almaniyada psixologiya təhsili üzrə konsultasiya

90 dəqiqə90 AZN

Almaniyada psixologiya üzrə bakalavr və ya magistr təhsili planlayan şəxslər üçün fərdi konsultasiya xidməti təqdim olunur.

Konsultasiya zamanı Almaniyada psixologiya üzrə bakalavr və magistr təhsil sistemi, sizə uyğun universitet və proqramların seçilməsi, qəbul şərtləri, dil tələbləri, müraciət üçün lazım olan sənədlər, xarici diplom və transkriptlə bağlı əsas məqamlar, eləcə də müraciət prosesinin mərhələləri haqqında danışırıq.

Məqsəd

Konsultasiyanın məqsədi hazır seçim təqdim etməkdən çox, Almaniyada təhsil prosesini daha aydın görməyinizə və özünüz üçün uyğun qərarları daha məlumatlı şəkildə verməyinizə kömək etməkdir.

03 — HAQQIMDA

Gülay Əliyeva

Psixologiyaya marağım bir anda formalaşmayıb.

2021–2025-ci illərdə Almaniyada RWTH Aachen Universitetində Psixologiya üzrə bakalavr təhsilimi tamamlamışam. Hazırda isə Otto-von-Guericke Universitetində Psychology — Clinical Neuropsychology (Klinik Neyropsixologiya) üzrə magistratura təhsilimi davam etdirirəm.

Bu maraq zamanla, özümü və ətrafımdakı insanları daha yaxşı anlamağa ayırdığım diqqət və zəhmətlə yoğrulub. Mən də bu sahədə qalmağı, öyrənməyə davam etməyi və insanı daha dərindən anlamağa yaxınlaşmağı məhz bu prosesin içində seçmişəm.

Zamanla bu maraq məni psixoterapiya və klinik neyropsixologiya istiqamətinə gətirib. Terapiyada əsasən Koqnitiv Davranış Terapiyası (KDT/CBT) yanaşması ilə işləyirəm.

Peşəkar fəaliyyətimi davamlı təhsil, elmi biliklər və superviziya ilə inkişaf etdirməyə davam edirəm.

Təhsil

  1. 2021 — 2025B.Sc. PsixologiyaRWTH Aachen University
  2. HazırdaM.Sc. Psychology — Clinical NeuropsychologyOtto-von-Guericke University

04 — TEZ-TEZ VERİLƏN SUALLAR

Tez-tez verilən suallar

Seanslara nə qədər tez-tez gəlmək tövsiyə olunur?

Psixoterapiyanın başlanğıc mərhələsində seanslara həftədə bir dəfə qatılmaq tövsiyə olunur. Bu davamlılıq terapiyada müzakirə olunan mövzuların izlənməsinə və əldə edilən dəyişikliklərin möhkəmlənməsinə kömək edir. Ehtiyacdan və terapiyanın gedişindən asılı olaraq seansların tezliyi daha sonra dəyişdirilə bilər.

Hansı problemlərlə işləyirsiniz?

Terapiyada təşviş, davamlı narahatlıq, özünəinam və özünüdəyər problemləri, mükəmməlliyyətçilik, münasibət və bağlanma çətinlikləri, emosiyaların tənzimlənməsi, stress, təkrarlanan mənfi düşüncələr, həyat dəyişikliklərinə uyğunlaşma və digər psixoloji çətinliklərlə işlənilə bilər.

Psixoterapiyada dərman yazılırmı?

Xeyr. Psixoterapevt dərman təyin etmir. Psixiatr tibbi təhsili olan həkimdir və ehtiyac olduqda dərman müalicəsini qiymətləndirə və təyin edə bilər. Psixoterapiya isə psixoloji üsullar və terapevtik müdaxilələr vasitəsilə aparılır.

Lazım olduqda psixiatra yönləndirirsinizmi?

Bəli. Terapiya prosesində psixiatrik qiymətləndirmə və ya dərman müalicəsinin faydalı ola biləcəyi düşünüldükdə, bu barədə pasiyentlə açıq şəkildə danışılır və uyğun mütəxəssisə müraciət etməsi tövsiyə olunur. Psixoterapiya və psixiatrik müalicə zərurət olduqda paralel şəkildə davam edə bilər.

Bir seans nə qədər davam edir?

Bir psixoterapiya seansı təxminən 60 dəqiqə davam edir. Bu müddət ərzində cari çətinliklər, əvvəlki seansdan sonra baş verənlər, terapiyanın məqsədləri və üzərində işlənəcək mövzular müzakirə edilir.

İlk seansda nə baş verir?

İlk görüş əsasən sizi və terapiyaya müraciət etmə səbəbinizi daha yaxşı anlamağa yönəlir. Mövcud çətinliklər, onların həyatınıza təsiri, keçmişdə yaşanan mühüm hadisələr və terapiyadan gözləntiləriniz müzakirə olunur. Eyni zamanda terapiyanın necə aparılacağı və ilkin məqsədlər müəyyənləşdirilir.

Terapiya neçə seans davam edir?

Bunun üçün əvvəlcədən konkret bir rəqəm demək mümkün deyil. Terapiyanın müddəti problemin xüsusiyyətindən, nə qədər müddətdir davam etməsindən, terapiyanın məqsədlərindən və prosesin gedişindən asılıdır. Müddət terapiya boyunca birlikdə qiymətləndirilir.

Seanslarda yalnız danışılır, yoxsa tapşırıqlar da verilir?

Koqnitiv-davranışçı terapiyada seanslar yalnız danışmaqdan ibarət deyil. Bəzən seanslar arasında düşüncə və emosiyaları müşahidə etmək, müəyyən davranışları sınamaq, qeydlər aparmaq və ya terapevtik məşqlər etmək tövsiyə oluna bilər. Bu tapşırıqlar terapiyada öyrənilənlərin gündəlik həyata keçirilməsinə kömək edir.

Terapiyada danışdıqlarım məxfi qalırmı?

Bəli. Psixoterapiyanın əsas prinsiplərindən biri məxfilikdir. Seans zamanı paylaşdığınız məlumatlar qorunur. Məxfiliyin hüquqi və etik istisnaları, məsələn, şəxsin özünə və ya başqasına ciddi təhlükə ehtimalı yarandığı hallar terapiyanın başlanğıcında izah olunur.

Psixoterapiyaya başlamaq üçün diaqnozum olmalıdırmı?

Xeyr. Psixoterapiyaya müraciət etmək üçün mütləq psixiatrik və ya psixoloji diaqnozun olması lazım deyil. İnsanlar münasibət çətinlikləri, stress, qərarvermə problemləri, özünü daha yaxşı anlamaq, müəyyən davranış və düşüncə nümunələrini dəyişmək kimi səbəblərlə də terapiyaya müraciət edə bilərlər.

Seansın ləğvi və tarix dəyişikliyi

Seans vaxtının dəyişdirilməsi və ya ləğv edilməsi üçün ən azı 48 saat əvvəl məlumat verilməlidir.

Seansa 48 saatdan az vaxt qaldıqda edilən ləğvlərdə və ya seansa qatılmadıqda, həmin seans üçün edilmiş ödəniş geri qaytarılmır və növbəti seansa keçirilmir.

Vaxtında məlumat verildiyi halda seans başqa uyğun tarixə dəyişdirilə bilər.

Bu qayda hər bir pasiyent üçün ayrılmış vaxtın qorunması və terapiya prosesinin davamlılığının təmin edilməsi məqsədi daşıyır.

SEANS VƏ YA KONSULTASİYA

Sizin üçün uyğun vaxtı seçin.

Fərdi psixoterapiya və ya Almaniyada psixologiya təhsili üzrə konsultasiya üçün mövcud vaxtlardan sizə uyğun olanı seçə bilərsiniz.

Mövcud vaxtlara bax (yeni pəncərədə açılır)
  1. 60dəqFərdi psixoterapiya
  2. 90dəqAlmaniyada psixologiya təhsili üzrə konsultasiya

05 — ƏLAQƏ

Əlaqədə olaq.

Psixoterapiya və ya konsultasiya üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Qeyd

WhatsApp və e-mail psixoloji böhran və təcili yardım xətti kimi istifadə edilmir. Təcili təhlükə və ya böhran vəziyyətində yaşadığınız ölkənin təcili yardım xidmətinə müraciət etməyiniz tövsiyə olunur.